← Back to list

Müştəriyönümlülük, birlik, uzaqgörənlik və konstruktiv tənqid

Ümumən, müştəri (oxucu) həmişə haqlıdır. Biznes məhsulu seçərkən, mobil tətbiq və ya sayt dizayn edərkən, siyasi mövqe nümayiş etdirərkən…

Mahammad Valiyev · 2025-10-23 18:45 · 0 claps · 2.2 min read
#birlik #azerbaijan #azerbaycan #tanqid #uzaqgörənlik
Open on Medium ↗

Müştəriyönümlülük, birlik, uzaqgörənlik və konstruktiv tənqid

Ümumən, müştəri (oxucu) həmişə haqlıdır. Biznes məhsulu seçərkən, mobil tətbiq və ya sayt dizayn edərkən, siyasi mövqe nümayiş etdirərkən və s. hər zaman “müştəri” nəzərə alınmalıdır (user-centric approach). Təcrübə göstərir ki, müştərinin, seçicinin, investorun və ya biznes ehtiyaclarının nəzərə alınmadığı fəaliyyət qısa müddətdə olmasa da, uzun müddətdə çox zaman uğursuzluqla nəticələnir. Məncə, açar söz “nəzərə alınmalıdır” olmalıdır, “tam istəyinə əsaslanmalıdır” deyil. Necə ki, xarici ölkələrə immiqrasiya edəndə uyğunlaşma (adaptation) zəruri olsa da, amma tam assimilyasiya ümumilikdə uğurlu strategiya sayılmır.

Bir millətin və ya şirkətin səmərəli və uğurlu fəaliyyəti üçün birlik, güclü mədəniyyət, uzaqgörənlik (vision) və insanları birləşdirən ideallar və ali məqsədlər olmalıdır. Nəsillərarası, siyasi, sosial-iqtisadi, dil və digər qütbləşmələr birlikləri zədələyir, parçalanma yaradır. Cəmiyyət üzvləri, vətəndaşlar və ya şirkət əməkdaşları bir məqsədə yönəlmiş şəkildə komanda ruhu ilə işləmək əvəzinə müxtəlif fikirlər və hədəflər seçir, sonda fəaliyyətlər qeyri-optimal nəticələrlə sonlanır. Buna görə də hər cür qütbləşmənin aradan qaldırılması və tam birlik üçün işlər aparılmalıdır.

Birliyi təmin etmək üçün narahatedici həqiqətlər, problemlər, məsələlər üzə çıxarılmalı, qabardılmalı və həll olunmalıdır. Eyni zamanda insanlar açıq fikirli olmalı, tənqidə, dəyişikliklərə və yeni ideyalara açıq yanaşmalıdırlar. Son illərdə ABŞ-da və Azərbaycanda bu istiqamətdə işləri çətinləşdirən mədəni elementlərdən biri də həddindən artıq siyasi düzgünlükdür (excessive political correctness). Siyasi düzgünlük dedikdə müəyyən sözlərin, davranışların və qərarların fərdləri və müəyyən qrup insanları incitməmək üçün seçilməsi nəzərdə tutulur. Sağlam və proqressiv cəmiyyətlərin uğurlu fəaliyyəti üçün müəyyən səviyyədə siyasi düzgünlük, sözlərin filtr olunması və sərhədlərin qorunması vacibdir. Lakin, ümumən, problemlərin həlli üçün insanlara yox, ən azından fikirlərə yönəlmiş tənqid aparılmalıdır.

Bəzi peşələrdə yüksək siyasi düzgünlük vacibdir: dövlət məmurları, diplomatlar, şirkətlərdə çalışan yüksək vəzifəli şəxslər, ictimai fiqurlar, məşhurlar və s. Bu cür mövqelərdə olan insanlar belə hətta bəzən sosial şəbəkə hesablarında “paylaşılan fikirlər şəxsi rəydir, təmsil etdiyim qurumu əks etdirmir” kimi qeydlər əlavə edib, aşırı siyasi düzgün olmayan fikirlər səsləndirirlər. Aydın məsələdir ki, insanın özünü necə ifadə etməsi, fikir və mövqelərini necə paylaşması onun şəxsi seçimidir. Lakin gərəksiz halda, xüsusən də heç bir vəzifə daşımayan gənclərin həddindən artıq siyasi düzgün olması problemlər yaradır. Bu, fikir mübadiləsini, müzakirələri və inkişafı əngəlləyir, həm şəxsi, həm də cəmiyyət və dövlət səviyyəsində geriləməyə səbəb olur. Siyasi düzgünlükdən çox maraqsız və aşırı ehtiyyatlı insanların sayını artırır.

Xarici medianın iddialarına baxmayaraq, mənim fikrimcə, Azərbaycan cəmiyyəti və dövləti, ümümən, sağlam səviyyədə söz azadlığına və tənqidə açıq olub. Dissident və ya susdurulmuş şəxslərin böyük hissəsi daha çox destruktiv və təhqiramiz tənqidlər edib, dövlətin və xalqın maraqlarına uyğun hərəkət etməyib və əhəmiyyətli tədbirlər görülməzdən öncə dəfələrlə xəbərdar olunublar. Buna görə də Azərbaycan da, dünya da açıq fikirli, müşahidəçi, cəsarətli və fikirlərini aydın şəkildə ifadə edə bilən insanlara ehtiyac duyur. Bu insanlar həqiqətləri, problemləri və çatışmazlıqları nəzakətli formada göstərməli və konstruktiv həll yolları təklif etməlidirlər. Şirkətlər, qurumlar və dövlət müəssisələri imkan daxilində səsləndirilən narahatlıqları və problemləri nəzərdən keçirməli, dəyərləndirməli və zəruri hallarda sistemdə dəyişikliklər aparmalıdır.

Bu arada, ümumdünya insan haqlarından çox-çox əvvəl Məhəmməd Peyğəmbər (s.ə.s) ilk olaraq ərəb tayfaları arasında birlik yaratmaq üçün hər bir ərəbin tayfa mənsubiyyətindən asılı olmayaraq bərabər olduğunu elan etmişdi. Daha sonra isə ərəblərin özlərini digər millətlərdən üstün saymamaları üçün “ərəbin qeyri-ərəbdən, ağın qaradan fərqi yoxdur” prinsipini xüsusi vurğulamışdır.


메타데이터
post_id
2eca3aaa2d76
slug
müştəriyönümlülük-birlik-uzaqgörənlik-və-konstruktiv-tənqid-2eca3aaa2d76
url
https://medium.com/@mahammadvaliyev1/m%C3%BC%C5%9Ft%C9%99riy%C3%B6n%C3%BCml%C3%BCl%C3%BCk-birlik-uzaqg%C3%B6r%C9%99nlik-v%C9%99-konstruktiv-t%C9%99nqid-2eca3aaa2d76
canonical_url
https://medium.com/@mahammadvaliyev1/m%C3%BC%C5%9Ft%C9%99riy%C3%B6n%C3%BCml%C3%BCl%C3%BCk-birlik-uzaqg%C3%B6r%C9%99nlik-v%C9%99-konstruktiv-t%C9%99nqid-2eca3aaa2d76
author_url
https://medium.com/@mahammadvaliyev1
status
ok
fetched_at
2026-07-16 06:10:29