Qürur Ayı nədir? Tarixi, simvolları və insan haqları uğrunda mübarizə
“Məhz özü ilə fəxr edən insan daha xoşbəxt ola, haqları uğrunda mübarizə apara, dəyişiklik yarada bilər. ”
Qürur Ayı nədir? Tarixi, simvolları və insan haqları uğrunda mübarizə
“Məhz özü ilə fəxr edən insan daha xoşbəxt ola, haqları uğrunda mübarizə apara, dəyişiklik yarada bilər. ”
İyun ayı qlobal mediada, dəbdə və sosial şəbəkələrdə rəngarəngliyi ilə seçilir. Çoxumuz bu simvolları görsək də, bu ayın arxasında böyük bir tarixi mübarizə dayandığından xəbərsizik. Bəs, hər il dünyada qeyd olunan “Qürur Ayı” (Pride Month) nədir və necə yaranıb?
Qürur Ayı LGBTQ+ icmasının tarixə, cəmiyyətə və mədəniyyətə verdiyi çoxsaylı töhfələrin hər il dünya miqyaslı qeyd edildiyi dövrdür. Qürur Ayı 1969-cu il iyun ayında baş verən Stounvoll iğtişaşlarını anmaq məqsədilə hər il iyun ayı ərzində keçirilir.
Qürur Ayının tarixi
Bu mübarizənin kökləri 1900-cü illərə gedib çıxır. Belə ki, Şimali Amerika və Avropalı fəallar “İnsan Hüquqları Cəmiyyəti” (The Society for Human Rights) adlı, əsası Henri Gerber tərəfindən 1924-ci il Çikaqoda qoyulan təşkilat kimi gey və lezbiyan qurumları yaratmağa başladılar.
İkinci Dünya müharibəsindən sonra “Mattaçin cəmiyyəti” və “Bilitin qızları” kimi kiçik qruplar gey və lezbiyanların lehinə bülleten (qısa məktub/xəbər toplusu) çap etdilər. Bununla da, gey və lezbiyanların tanınmasını tələb edərək onlara qarşı ayrı-seçkiliyi gündəmə gətirdilər. Məsələn, 1966-cı ildə Mattaçin cəmiyyəti üzvləri Nyu-Yorkdakı “Julius” barında gey olduqlarını elan etdikdən sonra içki tələb etdilər. Bu *“sip-in” etiraz aksiyası *gey və lezbiyanlara spirtli içki satmağı qadağan edən qanunlar əleyhinə keçirilmişdi.
Postmüharibə dövründəki müəyyən irəliləyişə baxmayaraq, geylər, lezbiyanlar, biseksuallar və transgenderlər adi vətəndaş hüquqlarından məhrum edilirdi. Nəhayət, 1969-cu il, iyun ayında, bir gecədə Nyu-Yorkda bir sıra zorakı iğtişaşların baş verməsi gey hüquqları hərəkatı tarixində dönüş nöqtəsi oldu.
Stounvoll iğtişaşları
O dövrdə bir çox şəhərlərdə olduğu kimi, Nyu-York Polis Departamenti (NYPD) də gey və lezbiyanların toplaşdığı barlarda, restoranlarda mütəmadi reydlər keçirirdi. Stounvoll iğtişaşı isə 28 iyun, 1969-cu ildə polislərin Stounvoll barına reydi zamanı baş verdi.
Polislər müştəriləri və işçiləri bardan aqressiv şəkildə çıxarmağa çalışdığı zaman, bir neçə nəfər kəskin müqavimət göstərməyə başladı. Artıq küçələrdə də qəzəbli sakinlər toplaşırdı. Beləliklə, qarşıdurmalar qısa müddət ərzində alovlandı və təkcə Kristofer küçəsindəki Stounvollun qarşısında deyil, bütün məhəllədə altı gün davam edən etirazlara, NYPD ilə şiddətli toqquşmalara səbəb oldu.

1969-cu il, iyulun 2-də Stounvoll iğtişaşları başa çatdıqda, gey hüquqları hərəkatı siyasətçilər və media tərəfindən əsasən etinasız yanaşılan məsələdən bütün dünyada aktual xəbərə çevrildi.
Bu altı günlük müqavimətin və küçə etirazlarının ön cəbhəsində, sonradan hərəkatın simvollarına çevrilən iki transgender qadın — Marşa P. Conson və Silviya Rivera dayanırdı. Onlar evsiz kuir və transgender gəncləri sığıncaqla təmin edən STAR adlı qurumun əsasını qoyaraq icmanın taleyində əhəmiyyətli rol oynamışlar.

İlk Gey Qürur Paradı
Bir il sonra, Stounvoll hadisəsini anmaq məqsədilə, Nyu-Yorkdakı fəallar Manhetten küçələrində yürüş etdilər. Homofil Təşkilatlarının Şərq Regional Konfransı (ERCHO) və Kristofer Küçəsi Azadlıq Günü Çətir Komitəsi tərəfindən təşkil edilən bu yürüş Kristofer Küçəsi Azadlıq Günü Yürüşü adlandırıldı.
Zamanla bu mərasim Gey Qürur Paradı kimi tanınmağa başladı. Aktivist *Kreyq Şumeyker* bildirir ki:
“Buradakı “qürur” sözü mənim ideyamdır… Ağlıma birinci “Gey Gücü” gəlsə də, bunu bəyənməyib, “Gey Qüruru”nu təklif etdim. Axı insanların gücə sahib olmaq şansı çox azdır. O vaxtlar insanların gücü yox idi, hətta indi belə, elə də güclü deyilik. Amma hər bir şəxsin qüruru, fəxarət hissi var. Məhz özü ilə fəxr edən insan daha xoşbəxt ola, haqları uğrunda mübarizə apara və ən əsası, dəyişiklik yarada bilər”.
Beləliklə, 28 iyun 1970-ci ildə keçirilən yürüş ilk gey parad hesab edilir. Deyilənə görə, Nyu-Yorkdakı bu parad gözlənilməz uğur qazanmış və Qrinviç qəsəbəsindən Mərkəzi Parka qədər 51 məhəlləni əhatə edən yürüşdə təxminən 3–5 min iştirakçı iştirak etmişdir. Həmin iyun ayında Çikaqo, Los-Anceles və San-Fransiskoda da yürüşlər və paradlar keçirilmişdir.
Qürur Ayı
İllər keçdikcə, gey paradlar böyük şəhərlərdən balaca şəhər və kəndlərə, hətta gey və lezbiyanlara qarşı repressiya və zorakılığın adi hala çevrildiyi yerlərə belə yayılırdı. Bu tədbirlərdəki atmosfer səs-küylü karnaval şənliklərindən tutmuş sərt siyasi etirazlara və QİÇS və ya homofobik zorakılıqdan ölənlərin anım mərasimlərinə qədər dəyişirdi.
2000-ci il iyununda, ABŞ Prezident Bill Klinton Stounvoll iğtişaşlarını və illərdir davam edən gey aktivizmini nəzərə alaraq iyun ayını rəsmi olaraq Gey və Lezbiyan Qürur Ayı elan etdi. 2009-cu ildə Prezident Barak Obama tərəfindən isə daha inkluziv bir ad seçildi: Lezbiyan, Gey, Biseksual və Transgender Qürur Ayı.
🏳️🌈 LGBTQ+ nə deməkdir?
- L — Lezbiyan (Qadınlara qarşı romantik/cinsi meyilliyi olan qadınlar)
- G — Gey (Həmcinsinə qarşı romantik/cinsi meyilliyi olanlar. Bu söz təkcə kişilər tərəfindən deyil, qadınlar, qeyri-binarlar tərəfindən də işlədilir)
- B — Biseksual (Romantik/ cinsi meyilliliyi birdən çox genderə olanlar)
- T — Transgender (Doğum zamanı təyin olunmuş cinsdən fərqli gender kimliyi olan insanlar)
- Q — Kuir (Gender və cinsi kimliyini ənənəvi qəliblərə sığışdırmayanlar tərəfindən işlənən daha geniş termin)
- “+” — Digər bütün cinsi oriyentasiya və gender kimlikləri.
Digər fundamental terminlər:
· Qeyri-binar (Non-binary): Özünü (yalnız) kişi və ya qadın cinsinə aid etməyən şəxsləri ifadə edir. Qeyri-binar fərdlər özlərini həm kişi, həm qadın kimi, bu iki cinsin arasında bir yerdə və ya bu kateqoriyaların tamamilə xaricində hiss edə bilərlər. Bir çox qeyri-binar şəxs özünü həm də transgender kimi xarakterizə etsə də, bu, hamısına aid deyil. Qeyri-binar həmçinin agender (cinsiyyətsiz), bigender (iki cinsli), genderkuir və ya gender-fluid (gender axıcılığı) kimi kimlikləri birləşdirən ümumi bir termin kimi də istifadə olunur.
· İnterseks (Intersex): Bioloji cinsi xüsusiyyətlər və reproduktiv anatomiya baxımından müəyyən fərqliliklərlə doğulan insanlardır. İnterseks variasiyaları geniş bir spektri əhatə edir; bura cinsiyyət orqanları, xromosomlar, qonadlar (cinsiyyət vəziləri), daxili orqanlar, hormon istehsalı, hormonlara bədənin reaksiyası və ya ikinci dərəcəli cinsi əlamətlər kimi fərqliliklər daxildir.
· Aseksual (Asexual): Qısaca “ace” olaraq da adlandırılan bu termin, digər insanlara qarşı cinsi meylin və ya cinsi fəaliyyətə marağın tamamilə və ya qismən olmamasını ifadə edir. Aseksuallıq bir spektrdir, aseksual fərdlər cinsi marağı heç hiss etməyə, çox az və ya yalnız müəyyən şərtlər daxilində hiss edə bilərlər.
· Aromantik (Aromantic): Qısaca “aro” olaraq da adlandırılan bu termin, digər insanlara qarşı romantik meyilliliyi (aşiq olmaq, romantik münasibət qurmaq istəyini) tamamilə və ya qismən hiss etməyən fərdləri ifadə edir.
· Sisgender (Cisgender): Gender kimliyi (özünü aid hiss etdiyi cins), doğularkən qeydə alınan bioloji cinsi ilə tam-üstə düşən (uyğun gələn) insanları təsvir etmək üçün istifadə olunan termindir.
Göyqurşağı Bayrağı Necə Yarandı?

Ümidin, görünürlüyün, bərabərlik uğrunda gedən mübarizənin qlobal emblemi olan Göyqurşağı Bayrağı 1978-ci il**də aktivist və dizayner Gilbert Beyker tərəfindən yaradılıb. Bir il sonra isə çəhrayı və firuzəyi rənglər istehsalatda müəyyən çətinliklər ucbatından (bu rəngləri tapmaq çətin idi) çıxarıldı və bu gün hamımızın tanıdığı klassik 6 rəngli Qürur Bayrağı** formalaşdı.
Zaman keçdikcə icma daxilində fərqli qrupların da görünürlüyünü artırmaq ehtiyacı yaranırdı. 2018-ci ildə dizayner Daniel Kvazar tərəfindən “Progress Pride Flag” təklif edildi.

Bu variantda ənənəvi 6 rəngli göyqurşağının sol tərəfinə ox formasında yeni rənglər əlavə olundu. Açıq mavi, çəhrayı və ağ rənglər **transgender fərdləri, qara və qəhvəyi rənglər *isə icma daxilindəki rəngli dərili* (etnik azlıqdan olan) insanları simvolizə edir.
🌍 Qürur Ayı Bu Gün Niyə Hələ Də Vacibdir?
Stounvoll hadisələrindən illər keçsə də, Qürur Ayı bütün dünyada hələ də aktual məsələ olaraq qalır. Çünki bu gün də milyonlarla kuir fərdlər ən əsas insan haqlarından (yaşamaq, təhsil və s.) məhrum edilir, təhsil ocaqlarında, iş yerlərində diskriminasiyaya məruz qalır. Aparılan qlobal araşdırmalar göstərir ki, cəmiyyət və ailə təzyiqi, zorakılıq, qəbul olunmamaq, təklik hissi kuir gənclər arasında depressiya və intihar statistikasını dəfələrlə artırır. Nifrət nitqləri isə sadəcə “söz” olaraq qalmır, nifrət cinayətlərinə, kuir qətllərinə səbəb olur. Heç kim sadəcə özü olduğu üçün ayrı-seçkiliyə məruz qalmamalı, qorxu içində yaşamamalı, fundamental haqlarından məhrum olmamalıdır.
Yekun olaraq deyə bilərik ki, Qürur Ayı keçmişi xatırlamaqla yanaşı, hər bir fərdin öz kimliyi ilə gizlənmədən, qorxmadan, azad yaşaya biləcəyi bir gələcək qurmaq məqsədi daşıyır.
Mənbələr:
https://www.archives.gov/news/topics/lgbt-pride-month
https://www.hrc.org/resources/glossary-of-terms
메타데이터
- post_id
- 67f0feedfb58
- slug
- qürur-ayı-nədir-tarixi-simvolları-və-insan-haqları-uğrunda-mübarizə-67f0feedfb58
- url
- https://medium.com/@alsu05/q%C3%BCrur-ay%C4%B1-n%C9%99dir-tarixi-simvollar%C4%B1-v%C9%99-insan-haqlar%C4%B1-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99-67f0feedfb58
- canonical_url
- https://medium.com/@alsu05/q%C3%BCrur-ay%C4%B1-n%C9%99dir-tarixi-simvollar%C4%B1-v%C9%99-insan-haqlar%C4%B1-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99-67f0feedfb58
- author_url
- https://medium.com/@alsu05
- status
- ok
- fetched_at
- 2026-06-10 21:21:38