← Back to list

Zəif kişilər, ailə institutu və cəmiyyətin inkişafında balanslı patriarxal model

Dostlarım mənə deyir ki, doktorantura tələbəsisən, ziyalı adamsan, səndən daha ciddi, elmi mövzular haqqında yazmağını gözləyirik. Reallıq…

Mahammad Valiyev · 2025-10-10 15:02 · 0 claps · 2.8 min read
#zəif-kişilər #ailə-institutu #patriarxal-model #cəmiyyət #azərbaycan
Open on Medium ↗

Zəif kişilər, ailə institutu və cəmiyyətin inkişafında balanslı patriarxal model

Dostlarım mənə deyir ki, doktorantura tələbəsisən, ziyalı adamsan, səndən daha ciddi, elmi mövzular haqqında yazmağını gözləyirik. Reallıq odur ki, romantik münasibətlər, ailə institutu, gender balansı və s. mövzular kifayət qədər ciddidir, getdikcə siyasətləşir və təsir gücü artır. Ciddilik anlayışı da nisbidir. Fikrimcə, bir mövzu akademik cəhətdən bir qədər sadə görünsə də (əslində sosial mövzular texniki mövzular qədər çətindir), lakin təsir gücü çoxdursa, bu, ciddi sayıla bilər. Bu arada siyasətçilər alimlər qədər, bəzən isə daha çox təsirə malikdirlər, xüsusilə qısa müddətdə (in the short-term). Sosioloq olmasam da, illər keçdikcə subay və boşanmış insanların sayının artmasından, az qala bütün sosial media platformalarının tanışlıq məkanına çevrilməsindən, bloqqerlərin sayının çoxalmasından görmək olur ki, ortada çox ciddi və getdikcə daha da ciddiləşən bir problem var. Texniki sahədə təhsil alsam da, maraq dairəm kifayət qədər genişdir və təhsilimdə öyrəndiyim problem həll etmə metodlarını sosial problemlərə də tətbiq etmək olar. Bundan əlavə, əvvəlki postlarımdan birində qeyd etdiyim kimi, cəmiyyətdə ciddi bir problem olanda, bu, cəmiyyətin hər bir üzvünə təsir edir. Necə ki, dünyada qlobal iqtisadi böhran mövcuddursa, bunun bütün ölkələrə müəyyən dərəcədə təsiri olur.

Məlum məsələdir ki, bu mövzular kifayət qədər genişdir və əvvəlki postlarda da təsir edən faktorlar haqqında kifayət qədər danışmışam. Lakin bu mövzularla bağlı bu yazıda vurğulamaq istədiyim odur ki, bu problemlərin və bunlarla əlaqəli olan bir neçə başqa problemin kökündə dayanan başlıca bir səbəb var. Qəbul etmək istəsək də, istəməsək də, qulağa xoş səslənsə də, səslənməsə də — bu səbəb “zəif” kişilərdir. Reallıq odur ki, kişilik fiziki gücdən, çox miqdarda içki içdikdən sonra ayıq qala bilmək bacarığından, qarşı cinsi yalanlarla cəlb etməkdən və s. xarici meyarlardan daha çox daxili atributlara aiddir. Məsuliyyət götürmək, vacib problemləri həll etmək, verilən sözlərə əməl etmək, başqalarının vaxtına hörmət etmək, müstəqil və düzgün qərarlar qəbul etmək, çətinliyə düşəndə günahkar axtarmaqdansa problemi özündə görmək, səhv edəndə üzr istəyə bilmək, diqqət ayrılmamalı insanlara diqqət ayırmamaq, xarici təsirlərdən qorunmaq, köməyə ehtiyacı olanlara dəstək olmaq və s. — məhz bunlar kişiliyi daha çox müəyyən edən faktorlardır.

Bu atributlar daha çox dini mənbələrdə vurğulanır və nəticə etibarilə inanclı insanlar tərəfindən daha çox mənimsənilir. Bundan əlavə, dini mənbələrdə səmərəsiz əyləncələrdən uzaq durmaq, qənaətcilik, intizam və s. dəyərlər də önə çəkilir. Deyə bilərəm ki, Avropanın və eləcə də Amerikanın son illərdə zəifləməsinin, yerli əhalinin artımının azalmasının əhəmiyyətli səbəblərindən biri dinin zəifləməsi, bununla bağlı dünyəviləşmə (sekulyarlaşma), həddindən artıq fərdiyyətçilik və feminist tendensiyalardır. Burada “din” dedikdə daha çox ibadət ritualarından yox, dəyərləri, düzgünlüyü və etik prinsipləri aşılayan bir institut nəzərdə tutulur. Bu səbəbdən düzgün inkişaf templərini və demoqrafik balansı qorumaq üçün ABŞ və Avropa ölkələri immiqrasiyanı əhəmiyyətli dərəcədə artırmış, bunun nəticəsində yerli əhalinin ümumi əhali içindəki payı azalmışdır.

Tarix göstərir ki, nə matriarxal, nə də ultrapatriarxal cəmiyyətlər uzunmüddətli inkişaf gətirmir. Əksinə, daha uğurlu dövlətlər əsasən patriarxal quruluşda olublar. Burada patriarxallıq deyəndə yalnız kişilərin hökmranlığı deyil, ailənin möhkəmliyi, kişilərin məsuliyyət daşıması və qadın-kişi rollarının tarazlığı nəzərdə tutulur. Qərbin inkişaf templərinin zəifləməsinə müxtəlif amillər təsir edir: iqtisadi doyma, qlobal rəqabət, siyasi parçalanmalar, korrupsiya, zəif idarəçilik və resurs asılılığı. Bununla yanaşı, bəzi tədqiqatçılar ailə institutunun zəifləməsini, doğumun azalmasını, fərdiyyətçilik və feminist meyllərin güclənməsini də əlavə səbəblərdən biri kimi göstərirlər. Əksinə, bəzi “üçüncü dünya” ölkələrində ultrapatriarxal model üstünlük təşkil edir. Qadınların təhsil və əmək imkanlarının məhdudlaşdırılması insan resurslarının yarısının itirilməsinə və inkişafın ləngiməsinə səbəb olur. Nisbətən balanslı patriarxal modeldə isə qadın və kişi rolları daha taraz paylanır, ailə dəyərləri qorunur və hər iki tərəf həm ailədə, həm də cəmiyyətdə iştirak edir. Bu tarazlıq daha sağlam və davamlı inkişaf üçün əlverişli mühit yaradır.

Azərbaycanın və istənilən dövlətin ən əsas resurslarından biri insan resurslarıdır. İnsan resursları əmək fəaliyyətinə yararlı olan kişilər və qadınlardır. Fikrimcə, Azərbaycanın növbəti mərhələdə inkişafını sürətləndirmək üçün patriarxal, ailə daxilində isə rəqabətçi yox, kooperativ dinamika formalaşmalıdır. Şəhərlərdə bəzi elit dairələr matriarxal strukturlardan patriarxal struktura, rayonlarda isə ultrapatriarxal strukturlardan patriarxal struktura keçməlidir. Beləliklə, cinsindən asılı olmayaraq hər bir vətəndaş həm ailə öhdəliklərini sağlam şəkildə yerinə yetirə, həm də dövlətə iqtisadi baxımdan töhfə verən bir vətəndaş ola bilər. Bu inkişaf tendensiyasını qorumaq, nəsillərin davamlılığını təmin etmək, insanların daha yetkin və daha məsuliyyətli olmasını artırmaq üçün isə övlad sahibi olmaq vacibdir :)


메타데이터
post_id
947bbbe9669c
slug
zəif-kişilər-ailə-institutu-və-cəmiyyətin-inkişafında-balanslı-patriarxal-model-947bbbe9669c
url
https://medium.com/@mahammadvaliyev1/z%C9%99if-ki%C5%9Fil%C9%99r-ail%C9%99-institutu-v%C9%99-c%C9%99miyy%C9%99tin-inki%C5%9Faf%C4%B1nda-balansl%C4%B1-patriarxal-model-947bbbe9669c
canonical_url
https://medium.com/@mahammadvaliyev1/z%C9%99if-ki%C5%9Fil%C9%99r-ail%C9%99-institutu-v%C9%99-c%C9%99miyy%C9%99tin-inki%C5%9Faf%C4%B1nda-balansl%C4%B1-patriarxal-model-947bbbe9669c
author_url
https://medium.com/@mahammadvaliyev1
status
ok
fetched_at
2026-07-14 08:44:00