Niyə uşaqları tərifləməyi yenidən öyrənməliyik?
Balamdan yoxdu yer üzündə. Heç kim mənim uşağımın yerə düşən dırnağı da ola bilməz. Bax, eynən özüməm! Tərifləmək xatirinə gündəlik…
Niyə uşaqları tərifləməyi yenidən öyrənməliyik?
Balamdan yoxdu yer üzündə. Heç kim mənim uşağımın yerə düşən dırnağı da ola bilməz. Bax, eynən özüməm! Tərifləmək xatirinə gündəlik uşaqlara dediyimiz bu kimi sözlərin axırı yaxşı qurtarmaya bilər.
Bir sinif təsəvvür edin. Həmin sinifdə Çinli və Amerikalı uşaqlar imtahan verir. İmtahan iki testdən ibarətdir. Uşaqlar imtahanın birinci, daha çətin testini bitirir və tənəffüs elan olunur. İmtahanı aparan şəxslər həmin uşaqların valideynlərinin sinfə daxil ola biləcəklərini bildirir və onlara uşaqlarının ortalamadan daha aşağı nəticə aldığını deyirlər.
Bunu eşidən Amerikalı valideynlər test mövzusunu açmırlar. “Balama bu gün nə bişirim?” kimi suallar verərək pozitiv abu hava yaratmağa çalışırlar. Sizcə bu zaman Çinli valideynlər nə edir? Onlar tənəffüs vaxtını “sən yetəri qədər diqqətli deyildin, gel baxaq görək problem nədir” tipli cümlələr işlədib testin əhəmiyyətini izah etməklə keçiriblər. Beləliklə tənəffüs bitir və uşaqlar ikinci testi də tamamlayır. Nəticə? Çinlilər ikinci testdə ilk test qiymətlərinə nisbətən 33% daha yaxşı nəticə göstərirlər. Bu kiçik bir fərq kimi görsənsə də, güman etmək olar ki, valideynin davranışı uşağın performansına ciddi təsir edir.
Haqqında danışdığım bu imtahan əslində bir araşdırmadır. Birinci testdə araşdırmacılar uşaqlara qəsdən daha çətin test verirlər ki, uşaqların özünə inamı az da olsa sarsılsın və Çinli analar uşaqlarının özlərinə inamını bərpa etməyi bacarırlar.
Sizə elə gəlməsin ki, onlar öz uşaqlarına Amerikalılara nisbətən daha pis davranıblar. Sərt sözlərinə baxmayaraq uşaqlarını qucaqlayıb, onlara qarşı nəvaziş göstəriblər. Tək fərq Çinli valideynlərin spesifik problemə fokuslanması və onu həll etmə istəyi idi.
Yeddi yaşına kimi uşaqlar tərifi olduğu kimi qəbul edir. Artıq on iki yaşı tamam olmuş yeniyetmələr isə tərifə böyüklər kimi şüphə ilə yanaşır. Məsələn, yeniyetmələr inanır ki, müəllimdən tərif eşitmək onların bir şey bacarmadığını və əlavə təşviqin lazım olduğunu göstərir. Tənqid olunan yeniyetmənin beynində isə, “mən daha yaxşısını bacara bilərəm, ona görə tənqid olunuram” düşüncəsi oyanır. Qısacası, yeniyetmələrin fikrincə, tərif yox, tənqid, onların bacarığına inamın əsl göstəricisidir.
Məsələyə iki misalın köməyi ilə baxaq.
Əli oturduğu yerdə valideynləri tərəfindən bir yığın təriflənir. Əli məktəbə gedir? Eynən özüməm. Əli ətrafa dərin gözlərlə baxır. Əli, sən prosto krasavçiksən! Beləliklə Əli heç nə etməsə belə möhtəşəm olduğuna inanır. Bunda pis bir şey yoxdu. Ta ki o, başqa bir şey etməli olmadığını düşünənə qədər.
Artıq Əli bəzi şeyləri sadəcə tərif eşitmək üçün edir. Əli ətrafdakıların dediklərinə o qədər inanır ki, arada içindəki səsi itirir. Sevdiyi işlərlə məşğul olmur. Onların nə olduğunu belə unudub. Yaxşı oğlan və ya ağıllı bala obrazını saxlamaq üçün hər şeyi edir. Hətta həyati-vacib seçimləri belə bu obrazdan ilhamlanır. O ancaq yaxşı olduğunu hesab etdiyi fəaliyyətlərə üstünlük verir. Uğursuzluqdan çox qorxur. Əli artıq Əli deyil və bundan heç Əlinin də xəbəri yoxdur.
Gəlin indi Leylaya baxaq. Leylanın valideynləri Leylaya inanırlar. Əlinin valideynləri Əliyə inanan kimi. Ancaq Leylanın valideynləri bunu fərqli formada edirlər.
“Bu mövzunu yaxşı oxumusan, afərin sənə! Bax bu mövzuda çətinlik çəkirdin, atanın sözünə qulaq asıb bir neçə dəfə oxudun. Görürsən, indi daha yaxşı başa düşürsən. Afərin qızıma!” Gördüyünüz kimi burda Leyla nə olduğuna görə yox, nə etdiyinə görə təriflənir. Beləliklə, Leyla istedadın həll edici rol oynamadığını başa düşür. Leyla bilir ki, yetəri qədər çalışsa, istədiyi nəticəyə gələ bilər. Onun uğurunun açarı elə öz əlindədir. Ən əsası, o cəhd edir, riskə gedir. Artıq, Leyla qorxmur.
Uşağa onun ağıllı olduğunu deyəndə o, ağıllı olduğunu və bunun kifayət olduğunu düşünəcək. Uşaqları boş-boş tərifləməklə “onsuz məndən yoxdu, niyə çalışım” tipli düşüncələri onların beyninə salırsız. Uşaqlarınızı elə özünüz kor edirsiniz.
Bunun əvəzinə təşəbbüsü alqışlayın, əməyi tərifləyin. Çəkilən zəhmətə, edilən cəhdə, atılan addıma əsasən uşağınızın könlünü xoş tutun. Axı o balacanın gələcəkdə sizə və cəmiyyətə xeyirli bir insana dönüşməsinə ilk olaraq elə siz cavabdehsiniz.
Mənbə:
Ashley Merryman and Po Bronson, NurtureShock: New Thinking About Children, Ch.1 - The inverse power of praise
메타데이터
- post_id
- a82e4ec8b41a
- slug
- niyə-uşaqları-tərifləməyi-yenidən-öyrənməliyik-a82e4ec8b41a
- url
- https://medium.com/@esmerisa/niy%C9%99-u%C5%9Faqlar%C4%B1-t%C9%99rifl%C9%99m%C9%99yi-yenid%C9%99n-%C3%B6yr%C9%99nm%C9%99liyik-a82e4ec8b41a
- canonical_url
- https://medium.com/@esmerisa/niy%C9%99-u%C5%9Faqlar%C4%B1-t%C9%99rifl%C9%99m%C9%99yi-yenid%C9%99n-%C3%B6yr%C9%99nm%C9%99liyik-a82e4ec8b41a
- author_url
- https://medium.com/@esmerisa
- status
- ok
- fetched_at
- 2026-07-28 22:12:07