“Almaz” və içində yaşadığımız
Keçən aylarda müəllimimin təşəbbüsü ilə ayda bir ədəd yerli ədəbiyyat nümunəsi oxumağa qərar verdik. İlk kitabımız ötən il əsasında…
“Almaz” və içində yaşadığımız virtual reallıq
Keçən aylarda müəllimimin təşəbbüsü ilə ayda bir ədəd yerli ədəbiyyat nümunəsi oxumağa qərar verdik. İlk kitabımız ötən il əsasında çəkilən “Vətəndaş A” serialını bir nəfəsə izlədiyim, Cəfər Cabbarlının “Almaz” əsəri idi.
Həmyaşıdlarımın çoxu kimi mənim də Cəfər Cabbarlı ilə tanışlığım məktəb zamanı ədəbiyyat dərslərində imtahan üçün əzbərlətdirilən, sıxıcı konspektlərə dayanırdı. Buna görə də, illər sonra yenidən həmin şəxsiyyətlərlə bağlı könüllü şəkildə araşdırıb oxumağı heç düşünmürdüm də.
Oxuyanlar bilir ki, “Almaz” həcmcə çox kiçik, bir həftəsonuna bitirə biləcəyiniz uzunluqda bir əsərdir. Almaz obrazı o qədər güclü, dikbaş, cəsurdur ki, bütün çətinliklərə rəğmən, təkbaşına cəmiyyəti müsbət yöndə dəyişimə aparmaq cəhdlərinin xüsusilə qadın oxucuları ilhamlandırmaması qeyri-mümkündür.
Burda əsərlə bağlı xeyli danışa bilərəm, amma hazır sosial mediaya bir müddətlik ara vermişkən diqqətimi çəkən bir nüansa daha çox fokuslanmaq istəyirəm. Əsəri oxuyarkən müşahidə etdim ki, yazar kəndlinin də, sədrin də, qadın müəllimin də, evdar qadının da dilindən o qədər təbii şəkildə danışır ki, heç biri süni səslənmir. Adam hətta oxuduqca təəccüblənir ki, bunların hamısını necə eyni adam yazıb. Sanki bir neçə ömür yaşayıb.
Çox güman bu çox güclü müşahidə qabiliyyəti ilə yanaşı, həm də insanları müxtəlif mühitlərdən və sosial təbəqədən olsalar belə onları qınamazdan, olduqları vəziyyətə görə mühakimə etməzdən öncə onların müxtəlifliyini qəbul etməkdən və bu müxtəlifliyə həqiqi maraq duymağından irəli gəlirdi.
Bu isə məni çoxumuzun içində yaşamaqda olduğu virtual reallıqla bağlı düşündürdü. Günümüzdə sosial medianın da böyük təsiri ilə insanlar yalnız özlərinə bənzəyən, onlara xitab edən, onların fikirlərini təsdiqləyən insanları əhatələrində saxlayırlar. Razıyam, bu nüans tarix boyu insan yaradılışının bir parçası olub, amma sosial media ilə bu mövzu əməlli-başlı, necə deyərlər, səviyyə atlayıb.
Artıq sanki bir az müxtəlifliyə, konfliktə sözün əsl mənasında dözə bilmirik. Sosial şəbəkələr ilə yaşamaqda olduğumuz həyat arasındakı o sərhəd o qədər bulanıqlaşıb ki, sosial mediada bir kliklə izləmədən çıxardıqlarımızı, bizə xoş olmayan fikir eşitdikdə sadəcə barmağımızı sürüşdürərək susdurduqlarımız bizi real həyatda da bir-birimizə qarşı dözülməz edib.
Bakı küçələrində şüşəsinə “yol soruşma!” yazılan mağaza vitrinlərinin arxasında TikTok-da video sürüşdürən mağaza sahibini görmək adi hala çevrilib.
Qarşındakı insana nəyisə izah etmək, əks fikirdə olsan belə normal diskussiya aparmaq artıq çoxumuz üçün dözülməzdir.
Filan insanın (etik çərçivədə) bölüşdüyü fikirlə razılaşmırsan? Bloka at, bir də görmə.
Sosial mediada izləməkdə olduğun bir istifadəçi səni qıcıqlandırmağa başladı? Səssizə al.
Ancaq sənin fikirlərini təsdiqləyən, dəyərlərinlə üst-üstə düşən səhifələri izləməyə al və bir müddət sonra sən fərqində belə olmadan elə illuziyaya qapılacaqsan ki, sanki sənin sahib olduğun düşüncələr mütləq həqiqətdi. Sanki dünya yalnız sənin kimi düşünənlərdən ibarətdi.
Bəs sən özünə belə bir virtual reallıq yaradıb içində yaşasan, mən özüm üçün belə bir süni reallıq yaradıb içindən çıxmasam, bütün günü şikayətləndiyimiz, müsbət mənada dəyişməsini istədiyimiz cəmiyyəti kim dəyişdirəcək?
Bilmirəm.
메타데이터
- post_id
- b809fd3f2e37
- slug
- almaz-və-içində-yaşadığımız-b809fd3f2e37
- url
- https://medium.com/@dayarosh/almaz-v%C9%99-i%C3%A7ind%C9%99-ya%C5%9Fad%C4%B1%C4%9F%C4%B1m%C4%B1z-b809fd3f2e37
- canonical_url
- https://medium.com/@dayarosh/almaz-v%C9%99-i%C3%A7ind%C9%99-ya%C5%9Fad%C4%B1%C4%9F%C4%B1m%C4%B1z-b809fd3f2e37
- author_url
- https://medium.com/@dayarosh
- status
- ok
- fetched_at
- 2026-07-17 11:34:31