Düşüncənin tarixi - 1. hissə
Giriş
Düşüncənin tarixi (1. hissə)
Hörmətli oxucular, bu araşdırmamızda, aydınlanma (Enlightenment, Aufklärung) anlayışının mahiyyətinə dərindən enəcəyik. Mən yazılarımda Azərbaycan dilində “Maariflənmə” və ya “Maarifçilik” olaraq, ifadə edilən və daha çox ictimai-siyasi momenti ifadə edən termin yerinə Aydınlanma qavramını daha dəyərli görürəm və bu sözü istifadə edirəm. Bunun əsas səbəbi, hər şeydən əvvəl, maarifçilik sözünün, mənə görə, sanki artıq aydınlanmış bir qrup elit insanın geridə qalan cahil kütlələri bir növ “ayıltma” çabasını təsvir etməsidir. Bu mənada maarifçilik sözü lokal, afunksional, qeyri-müəyyən və kök aldığı fəlsəfə içindəki aydınlanma momentinin əsas anlamından olduqca uzaqlaşmış, daha zəif bir kölgəsi kimi gəlir mənə. Ona görə Aydınlanma terminini daha dəyərli görürəm və istifadəsində təkid edirəm.
İkincisi; bu yazını təxmini 4–5 hissədən ibarət bir fəlsəfə tarixi seriyası şəklində planlayıram və bu iddianın davam edəcək mətnlərdə daha görünəbilən olmasını ümid edirəm; Fəlsəfə tarixi, düşüncə tarixi və aydınlanma tarixi — bu üçü bir və eyni şeydir. Hər fəlsəfi düşüncə ona sahib olan zehində bir anlama / aydınlanmaya səbəb olur ki, bu mənada anlama sözü gedən düşüncəyə sahib olmadığım (bir əvvəlki) anla müqayisədə artıq daha az axmaq olduğum anlamına gəlir. Bu bir iddiadır.
Bu araşdırmanın məqsədi və əsas hədəfi isə əvvəlcədən bəllidir: Biz mühafizəkar, doqmatik və siyasi-dini-millətçi çevrələrin (həmçinin, liberallar və postmodern saxtakarların da) aydınlanma düşmənliyinə qarşı əsaslı bir antitez ortaya qoymaq niyyətindəyik. Bu çevrələrin yaratdığı yalnışlara və təhriflərə bu mətndə cavab veriləcək. Eyni zamanda, aydınlanmanı müdafiə etdiyini söyləyən tərəfin də bəzi əskiklərini aradan qaldırmağa çalışacağıq, çünki bu anlayışı çox zaman yetərli və əhatəli şəkildə çatdırmadıqlarını düşünmürəm.
Biz işin içinə fəlsəfəni də qataraq, aydınlanmanın nə olduğunu tarixi bir proses çərçivəsində izah etməyə çalışacağıq. Aydınlanma, sandığımız kimi, yalnız 18-ci əsrdə Avropada peyda olmuş basmaqəlib bir hərəkat deyil. O, qlobaldır və insancadır (insandan başqa bir varolanın edə bilməyəcəyidir).
Azərbaycan oxucusu üçün bu mətnin əhəmiyyəti odur ki; aydınlanmanın əsasları olan rasional düşüncə və elmi metod, özümüzü regionumuzda və dünyada mövcud olan doqmatik və irrasional düşüncə tərzlərindən qorumağın yeganə yoludur.
I. Aydınlanmanın Tərifi: Ağıl və Cəsarət
Aydınlanma haqqında ümumi, klassik basmaqəlib anlayış odur ki, bu hərəkat 17-ci və 18-ci əsrlərdə Avropada inkişaf etmiş və oradan dünyaya yayılmışdır. Bu anlayışın keçərli olmadığını burada ortaya qoymağa çalışacağam. Aydınlanmanın təməlini və fəlsəfi kontekstini müəyyənləşdirmək üçün 18-ci əsr Alman filosofu İmmanuel Kantın tərifindən yola çıxmaq ən doğru yoldur. Kant aydınlanmanı belə təyin edir (bu tərifin yol göstərici olduğunu düşünürəm):
“Aydınlanma hər hansı bir rəhbər olmadan ya da bir hakimiyyət olmadan insanın öz ağlını istifadə etmək cəsarətini göstərməsidir.”
Bu tərif, ağıldan istifadənin cəsarət tələb etdiyini və hər hansı bir xarici avtoritetdən (rəhbər) asılı olmamalı olduğunu vurğulayır.
A. Ağılın mahiyyəti və hiyləgərlikdən fərqli
Bəs Kantın bəhs etdiyi bu ağıl nədir? (Saf) Ağıl, cəmiyyətdə tez-tez qarışdırılan hiyləgərlik və ya praktik zəka ilə əlaqəli bir şey deyil. Məsələn, praktik zəka bir şeyi tez söküb yerinə taxmaq kimi, boşluqları doldurmaqla və ya fürsətçiliklə bağlı ola bilər. Lakin fəlsəfi konteksdə Kantın haqqında danışdığı ağıl daha dərin bir ünsürdur.
Ağılın fəaliyyəti bunlardır:
- Qavrama və ya anlama
- Açıqlama və ya izah etmə
- Qarşılaşdırma və ya müqayisə
- Şərh etmə
- Məntiq yürütmə
- Nəticə çıxarma *Əsaslandırma
Ağıl, bu fəaliyyətləri özündə ehtiva edən bir zehin fəaliyyətidir.
B. Azadlıq və Cəsarət şərtləri
Kantın tərifindəki ağlını istifadə etmək cəsarəti (Sapere aude) çox önəmlidir. Kantda ağılı istifadə edə bilməyin bir zəruri ilkin şərti (ön-şərti) daha var: azad olmaq. Əgər azadlığımızın hər keçən gün əlimizdən alındığı bir vəziyyətdəyiksə, ağılımızı istifadə etməyə cəsarət etsək belə, aydınlanmaq mümkün olacaqmı?
Bu suala Platonun ərdəmlər (az. — fəzilətlər) konsepsiyası ilə cavab verərək deyə bilərik ki: Cəsarətsiz davransaq, mümkün deyil. Platon cəsarəti ən böyük insani keyfiyyətlərdən biri hesab edir, çünki cəsarət olmadıqca ədalətin heç bir mənası yoxdur. Nəzəriyyəni praktikaya çevirmək, yəni teoriya-praktika bütünlüyünü təmin etmək üçün cəsur olmaq lazımdır.
Çünki aydınlanma (ən azından I. Kant-da) həm də bir despotun tiranlığı ilə üz-üzə gələrkən belə despotun avtoritetinə rəğmən düşünmə, qərar vermə və ifadə etmə cəsarətini göstərmək mənasına gəlir.
Ağılın istifadəsi, bu mənada, iki təməl sahədə gerçəkləşir: fəlsəfə yolu ilə və elm yolu ilə.
II. Fəlsəfənin ortaya çıxışı: Bilik, Loqos və Qavram
Fəlsəfənin mahiyyətini anlamaq üçün onun etimoloji kökünə getməliyik. Azərbaycan dilindəki "fəlsəfə", həmçinin ərəb, ingilis və alman dillərindəki ekvivalentləri də daxil olmaqla, kökünü Antik Yunancadakı philosophia (filosofya) terminindən alır. Philosophia bilgəlik / müdriklik / hikmət sevgisi anlamına gəlir.
A. Bilgəlik (Sofya), Bilik (Episteme) və Gerçəklik (Aletheia)
Antik Yunan filosoflarına görə, bilgəlik (Sofya) müəyyən əsas şərtləri tələb edən bir şeydir. Bilgəlik hər hansı bir adamın öz-özünə "bilgəyəm" deməsi ilə əldə edilmir. Onun başında bilik (Episteme) durmalıdır. Yəni, bilgə adamın eyni zamanda bilik sahibi olması lazımdır.
Bəs Episteme nəyin biliyidir? Bu, doğruluğun, gerçəkliyin — həqiqətin biliyidir. Bu, bizi aletheia adlı antik yunan qavramına çıxarır. Beləliklə, fəlsəfə adını verdiyimiz zehni fəaliyyət Sofya, Episteme və Aletheia arasında əsaslı və qaçınılmaz bir əlaqə qurmuşdur.
B. Loqos və Teorik fəaliyyət
Əsas sual yaranır: Bir şeyin doğru, yanlış, ya da gerçək olub-olmadığını necə müəyyən edəcəyik? "Mən inanıram, elə isə doğrudur" — demək absurd bir şeydir. Platon bu barədə "Teatetos" əsərində açıq şəkildə deyir ki, bir şey ona inandığımız üçün doğru olmaz. Əksinə, Platonun yanaşması belədir: "Doğrudur, elə isə inanıram".
Doğruluğu necə anlayacağıq? Burada loqos (logos) anlayışı ortaya çıxır; Platonun ortaya qoyduğu şəkildə, loqos:
- Mühakiməyə / ağıla əsaslanan dayalı açıqlama / izah
- Əsaslandırma və təməlləndirmə ilə işləyir
Müasir terminologiyada buna nəzəriyyə (teoriya) deyilir. Bu, fəlsəfənin teorik bir fəaliyyət olduğunu göstərir. Bir şeyi iddia etdikdə, onun təməlləndirməsini, əsaslandırılmasını və arqumentlərini də ortaya qoymalıyıq — yəni, mühakimə. Loqos, fəlsəfənin mahiyyəti olan rasionallıq elementidir.
Fəlsəfənin mövzusu:
Fəlsəfə, bilik, varlıq, əxlaq, siyasət, din, elm, sənət, dil kimi mövzularda fəlsəfi teoremləri inkişaf etdirən bir rasional fəaliyyətdir. Bu fəaliyyət öz alt sahələri vasitəsilə həyata keçirilir:
- Epistemologiya (Bilik fəlsəfəsi).
- Ontologiya (Varlıq fəlsəfəsi).
- Etika (Əxlaq fəlsəfəsi).
- Politika (Siyasət fəlsəfəsi).
- Estetika (Sənət fəlsəfəsi).
- Teologiya (Din fəlsəfəsi).
- Dil Fəlsəfəsi.
- Elm Fəlsəfəsi və s.
Bu sahələrdəki teorik işlərin tarixi, bu terminlərin ortaya çıxmasından çox daha əvvələ, antik Yunana gedib çıxır.
III. Fəlsəfə və elmin tarixi prosesi: Miletosdan qloballığa
Aydınlanmanın kökləri qədimlərə, hətta antik Mesopotamiya və antik Misirə qədər getməklə bərabər, Miletosda başlayan proses kritikdir (tənqidi düşüncə).
A. Təbiət içində(n) açıqlama anlayışı
Antik Mesopotamiya və Misirdə riyaziyyat, astronomiya, tibb sahəsində çalışmalar var idi. Lakin Miletosda Tales, Anaksimandros və Anaksimeslə başlayan durum, təbiətdə baş verənləri yenə təbiət içində açıqlama anlayışıdır. Bu, təbiətdə olanı fövqəltəbii (təbiət-üstü) güclərlə izah etməkdən fərqlənirdi.
Bu dövrdə Arxe (kainatın / kosmosun təməl qaynağı) sualına cavab verilərkən tanrılara, ya da təbiət-üstü güclərə referans edilmədi. Bu, Qərbi Anadoluda (Miletos) e.ə. 7-ci əsrdə (600-500-cü illər) başlayan antik Yunan mədəniyyətinin təməl qırılma nöqtəsidir.
B. Sokratik dönüş və insan/cəmiyyət fokslu fəlsəfə
Miletosdan sonra fəlsəfə e.ə. 5-ci əsrdə Afinaya keçdi. Sokrat, Platon, Aristotel kimi fəlsəfənin təməl sütunları burada inkişaf etdi.
Sokratik Dönüş: Sokratdan əvvəl filosoflar, əsasən, təbiət (kozmos) haqqında teoremlər inkişaf etdirirdilər, buna görə onlara təbiət filosofları deyilirdi. Sokratla birlikdə isə insan və cəmiyyətin mərkəzə alındığı bir fəlsəfə ortaya çıxmağa başladı. Sokratın özü geridə yazılı mətn buraxmasa da, şagirdi Platon (Əflatun) bunu mətinləşdirmiş və Platon da əsası etibarilə insan və cəmiyyətin mərkəzə yerləşdiyi bir fəlsəfə ortaya qoymuşdur.
Bəzi fəlsəfə tarixçiləri Platonun işi metafizikaya çevirdiyi (İdeyalar nəzəriyyəsi) və bu səbəbdən elmin önündəki sürəti kəsdiyini iddia etsələr də, bu doğru deyil. Platonun başlatdığı insan və cəmiyyətin analizi çox əhəmiyyətlidir. Sokratın ölümə məhkum edilməsi (tanrılara qarşı gəlmək və gənclərin zehnini bulandırmaq iddiasıyla) Platon üçün böyük bir travma idi.
Platon burada ədalətli olmaq, cəsarət, dostluq, ölçülülük kimi ərdəmlərin obyektiv və ümumbəşəri (hər yerdə, hər zaman, hər kəs üçün doğru sayıla biləcək) olan özü (formu/İdeası) haqqında bilgi axtarmağa çalışırdı. Platon, "güclü olan haqqlıdır" və ya "çoxluğun dediyi olmalıdır" kimi prinsiplərin keçərli olmaması üçün adalətə söykənən bir cəmiyyət və dövlət modeli inkişaf etdirməyə çalışırdı. Onun "Dövlət" əsəri siyasət fəlsəfəsinin təməlini atmışdır.
Bilik anlayışında dərinləşmə: Platonun "Teatetos" əsərində bilgini necə təhlil etdiyi onun loqos-əleyhdarı olmadığını göstərir. Qavrama (perception) nisbi və dəyişkən olduğu üçün bilik ola bilməz. Bilik doğru inancın özü deyil (inandığım şey o şeyə inandığımdan dolayı doğru olmaz), onun əsaslandırılmış olmasıdır (loqosla). Bunun teorik çalışmaların inkişafına böyük qatqısı olmuşdur.
C. Elmin doğuşu və qloballığı
Antik Yunan fəlsəfə və elmi öz kökləri ilə həm Orta Şərq və Şimali Afrika, həm də Qərbi Avropaya yayıldı. Elm yalnız Qərbə aid deyil. Elm qlobal və insancadır. Antik Mesopotamiya, Misir, Hindistan və Çində də var idi. Hippokrat tibb elmində xəstəliklərin səbəbini təbiət-üstü güclərlə yox, qidalanma vərdişləri və ya iqlim şərtləri kimi təbii səbəblərlə izah edərək, elmi izahatın təməli olan səbəbiyyət (səbəb-nəticə) prinsipini qurdu. Herodotos isə fantaziyalar (Homerdə olduğu kimi) üzərindən deyil, hadisələr üzərindən tarixi anlamağın lazım olduğunu deyərək, sosial elmlərin təməllərini atdı.
Elm/Fəlsəfə ayrımının kəskinləşməsi: antik Yunanda filosof və elm adamı ayrımı yox idi. Bu ayrımın kəskinləşməsi 4-cü əsrdən sonra, xüsusilə, 1500-1600-cü illərdə Kopernikin jeosentrik (dünya mərkəzli) nəzəriyyəni rədd edib heliosentrik (günəş mərkəzli) teoremi ortaya qoyması, Qaliley, Kepler və Nyuton kimi şəxslərin qravitasiya qanununu kəşf etməsi ilə gücləndi.
IV. Aydınlanma doqmatik deyil: Fəlsəfə vs. Din
Fəlsəfənin mahiyyətini təhlil edərkən aydın olur ki, fəlsəfə bir din deyil və din də fəlsəfə deyil. Bu, sadəcə terminoloji fərq deyil, bu, quruluş, məzmun və məqsəd fərqidir.
A. Rasionallıq və Dialektika
Fəlsəfə rasionallıq ehtiva edən, sorğulayıcı, analitik və yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirən bir fəaliyyətdir. Fəlsəfə tarixində tezis, antitezis dialektikasına rast gəlinir: bir filosof bir teorem ortaya atır, başqası onu çürütmək, qismən qəbul etmək və ya tənqid etmək üçün yola çıxır. Fəlsəfədə homogen, sorğulanamayan bir şey yoxdur.
Mistisizmin və fəlsəfənin fərqi: Mistisizmin və ya təsəvvüfün fəlsəfə adlandırılması yalnış bir anlayışdır. Mistisizm rasionaldır — iddiası özü-özlüyündə bir təzad təşkil edir. Çünki mistisizm teorik (nəzəri) fəaliyyətdən kənardır.
B. Vəhy, İman və Əsaslandırma
Dinin quruluşu isə fərqlidir. Dində (Yəhudilik, Xristianlıq, İslam) təməl prinsiplərin (Tanrının varlığı, ruhun ölümsüzlüyü, vəhy və peyğəmbərlik) sorğulanması imkanlı deyildir. Dindar olduğunu iddia edən bir şəxs, eyni anda Allahın varlığından şübhə duyduğunu deyə bilməz; bu, dinin tanımından çıxan zəruri nəticədir.
Vəhy fərqi: Fəlsəfə və elm vəhyə və imana əsaslanmır. Bir filosofdan iddiası üçün əsaslandırma soruşulduqda, "mənim əsaslandırmam vəhydir" — deməsi, onu gülünc vəziyyətə salar. Filosof və ya elm adamı ortaya qoyduğu iddianın hesabını vermək məcburiyyətindədir.
Orta əsrlər filosofları istisnası: Dinin fəlsəfə üzərində çox təsirli olduğu orta əsrlərdə belə, İbn Sina, İbn Rüşd, Akvinalı Thomas kimi filosoflar müqəddəs kitabları oxumaqla yetinməmişlər. Onlar nəzəri düşüncə ilə (məsələn, kosmoloji, teleoloji, ontoloji arqumentlərlə) dini iddiaları fəlsəfi olaraq təməlləndirməyə və əsaslandırmağa çalışmışlar. Bu səbəbdən dindar olsalar da, filozof kimliyinə sahib şəxslərdir.
C. Camaatçı anlayışın tənqidi
Din, öz mahiyyətində camaatçı anlayışa əsaslanır. Bir qurucunun (Musa, İsa, Məhəmməd, Budda) təlimini mütləq həqiqət kimi qəbul edib, o icmanın üzvü olmaq deməkdir.
Fəlsəfədə isə belə bir vəziyyət təsəvvür belə edilə bilməz. Platon bir tezis ortaya atanda, Aristoteles onu tənqid etmiş, Spinoza Dekartı tənqid etmiş, Nitsşe Kantı yerdən-yerə vurmuşdur. Fəlsəfədə sorğulama əsasdır. Əgər biz hər hansı bir düşüncəni məsəllər, şüarlar və atalar sözləri ilə qəbul etsək, yenə də camaatçılığa dönmüş olarıq (məsələn, Marksizm-Leninizm idealogiyası; Qeyd: Karl Marks Marksist deyildi). Bu, aydınlanmanın təməl prinsipindən uzaqlaşmaq deməkdir.
V. Elmin təbiəti və yalanlana bilmə prinsipləri
Elm, fəlsəfədən metod etibarilə ayrılan, müşahidəyə və təcrübəyə (eksperiment) əsaslanan spesifik bir bilik növünə işarə edir.
A. Təbiət və sosial elmlər
Elmi, əsasən təbiət elmləri (Fizika, Kimya, Astronomiya, Biologiya) və Sosial elmlər (Psixologiya, Sosiologiya, Tarix, Antropologiya) olaraq iki yerə ayırırıq.
Metod fərqləri: Təbiət və sosial elmlərin araşdırma obyektləri fərqlidir. Sosial elmlərdə araşdıran subyekt ilə araştırılan şey eynidir (insan insanı araşdırır). Bu, özünəxas çətinliklər yaradır. Lakin təməldə metod olaraq baxsaq, həm təbiət, həm də sosial elmlərin təməli müşahidə və təcrübədir. Təcrübənin xaricindəki metafizik şərhləri ortaya qoyaraq elm (nə sosial, nə də təbiət) edilə bilməz.
B. Hadisə (Fact) və təsvir (Fiction) ayrımı
Elm hadisələrlə (faktlarla) maraqlanır, lakin yalnız bir hadisə toplusu deyil. Elm həm də hadisələr arasındakı səbəb-nəticə əlaqəsini qurmağa çalışır.
Ən əsas epistemoloji problemlərdən biri təsvir (fiction) ilə hadisə (fact) arasındakı ayrımı müəyyənləşdirməkdir. Əgər bu fərqi ayıra bilməsək, bu, həm epistemik, həm də etik və siyasi problemlərə yol aça bilər. Hadisələr yalnız təcrübə əsasında (empirik sahədə) aşkar edilə bilər. Təcrübənin xaricinə çıxan bir şey (məsələn, sonsuz, sərhədsizlik deyilən bir şeyin biliyi) olaraq ortaya qoyulsa, o, ancaq bir təsvir ola bilər.
Məsələn, Tanrının varlığının və ya yoxluğunun empirik konteksdə isbat edilməsi imkanlı deyildir. Bu, bir iman məsələsi ola bilər, lakin eksperimental bir bilik mövzusu ola bilməz. Bu təsvirin hadisə kimi təqdim edilməsi epistemoloji baxımdan bir qüsurluluqdur.
C. Elmin yanlışlanmağa açıqlığı (Falsifikasiya)
Aydınlanma düşmənlərinin iddia etdiyi kimi, "elm də doqmadır, iman kimi bir şeydir"- fikri tamamilə elm tarixinə ziddir. Elm yalanlanmağa açıqdır. Elm də fəlsəfə kimi tezis və antitez dialektikası üzərinə qurulmuşdur. Yalanlanmağa açıq olmayan şey, inkişafa da açıq olmaz. Elmi nəzəriyyələr bu mənda üç qrupa ayrılır:
- Dəqiq olaraq yalnışlanmış nəzəriyyələr: Məsələn, Jeosentrik (Dünya mərkəzli) astronomiya nəzəriyyəsi.
- Dəqiq olaraq doğrulanmış nəzəriyyələr: Məsələn, Heliosentrik (Günəş mərkəzli) nəzəriyyə.
- Hələ də üzərində çalışılan nəzəriyyələr: Nə yalnışlanmış, nə də doğrulanmış olan, məsələn, Big Bang nəzəriyyəsi kimi.
Bu, elmin dindən fərqli olaraq doqmatik olmadığını göstərir.
VI. Azərbaycan kontekstində Aydınlanma mübarizəsi
Aydınlanma (Düşüncə) universal olsa da, onun tətbiqi və müdafiəsi hər coğrafiyanın öz tarixi və siyasi şərtləri ilə bağlıdır.
A. Düşüncə durğunluğunun təsbiti:
İslam dünyasında, İbn Sina, Farabi və İbn Rüşd kimi böyük şəxslərin fəaliyyətindən (9-cu əsrdən 12-ci əsrə qədər) sonra fəlsəfə və elm üçün çox ciddi bir sıçrayış edən və daha əvvəl deyilməmiş şeyləri ilk dəfə söyləyən bir alimə rast gəlinməməsi tarixi bir faktdır. Bu, o deməkdir ki, böyük bir coğrafiyada elm və fəlsəfə çox əskik qaldı.
Azərbaycanın da daxil olduğu bu coğrafiyada ədəbiyyat, musiqi, memarlıq kimi sahələrdə dəyərli əsərlər ortaya çıxsa da, nəzəri, fəlsəfə və elm sahəsindəki boşluqlar bu gün də mövhumat, səfsətə və fanatik anlayışların yayılmasına zəmin yaradır.

B. Yerli "Aydınlanma"nın sərhədləri: Teorik tələb:
Azərbaycanda Rəhman Bədəlovun təsbit etdiyi kimi maarifçilər dediyimiz bir qurup aydın insan (H. Zərdabi, C. Məmmədquluzadə, M.F. Axundov və s.) Qərb aydınlanmasının müəyyən qədər bu coğrafiyada yayılması üçün öz məhdud imkanları ilə müqayisədə böyük ölçülü işlər görmüşlər. Lakin bu əsərlər və fəaliyyət ədəbiyyat (sənət) və siyasət kateqoriyasında dəyərləndirilməlidir, fəlsəfə deyil. Səbəb, bu insanların fəlsəfənin tələb etdiyi kimi teorik və ya arqumentativ bir fəaliyyət ortaya qoymamasıdır. Yəni, sadəcə ədəbi əsər yazmaq, kütləvi informasiya vasitələri təsis etmək fəlsəfi və elmi tələbi qarşılamır.
Əgər bir fikir yalnız "Bu da belədir, filankəs dedi ki..." formasında təqdim edilirsə, bu, yenə də camaatçı, məzhəbçi bir anlayışa çevrilir. Halbuki, aydınlanma və fəlsəfə, söylənilən bir şeyin “niyə söyləndiyi” və arxasında necə bir düşüncənin olduğunu, yəni loqosun əsaslandırmasını tələb edir.
C. Dünyəviliyin zəruriliyi və epistemoloji zəiflik
Aydınlanmanın siyasi mübarizəsi dünyəviliyin (sekulyarlığın) tətbiqi ilə sıx bağlıdır.
Sekulyarlıq:
- Siyasət, hüquq, dövlət işlərinin və təhsil işlərinin dindən (ictimai doqmatik batil inancdan) təmizlənməsini və dinin bu bu sahələrə hökm etməməsinin təmin edilməsi.
- Bu şərtlə, dini inanc və ibadət azadlığının dövlət tərəfindən qaranti edilməsidir.
Sekulyarlıqda dövlətin dini olmaz, vətəndaşın dini olar ya da olmaz, ona heç kim qarışa bilməz. Dövlətin dini olması (müharibə və sonrası dövrdə yüksəlməkdə olan millətçilik də bu mənada bir din sayıla bilər), vətəndaşı dinə məcbur etmə halını alır.
Əgər təhsil sistemində din (həmçinin, millətçilik / şəxsiyyətə pərəstiş / idealogiya və s.) mövzuları məcburi şəkildə və gerçək bilik kimi təqdim edilərsə, bu, konstitusional prinsiplərə zidd olmaqla yanaşı, həm də epistemoloji bir zəiflik yaradır. Uşaqlara təsvirin hadisə kimi qəbul etdirilməyə çalışılması doğru deyil. Fəlsəfə dərslərinin məktəblərdə keçilməməsi rasionallığa qarşı bir problemdir.
VII. Nəticə: Dinçiliyin, ictimai uyuşuqluq və geri qalmışlıq halının antidotu və irəliləyiş yolu
Araşdırmanın nəticəsi aydın və qətidir: Aydınlanma düşmənləri fəlsəfə və elm düşmənləridir. Fəlsəfə düşmənliyi, eyni zamanda mövhumat, səfsətə və fanatizmin dostluğudur. Aydınlanma düşmənliyi isə insanlıq düşmənliyidir.
Aydınlanmanın dörd təməl ünsürü fəlsəfə, elm, sənət və siyasətdir. Nəzəri düşüncənin inkişafı zəruridir.
A. Komplekslərdən azad olmaq
Bizim coğrafiyada elm və fəlsəfə çox əskikdir. Bu, hər kəsin qəbul etməli olduğu bir simptomdur. Bu təsbiti etdikdən sonra, "bu, bizə aid deyil" və ya kimi kompleksləri və torpaq obsessiyalarını bir kənara qoymalıyıq.
Mədəniyyət qlobaldır, bir etnik qrupun və ya coğrafyanın monopoliyasında olan bir şey deyil. Mədəniyyət zaman içərisində davamlı gəzən bir şeydir.
Bizdə olmayan, lakin yaxşı olan bir şey varsa, onu harda olursa olsun, oradan almalıyıq (Şimal, Qərb, Şərq, Cənub fərq etmir). İbn Sina və İbn Rüşd bunu etmişlər: Onlar Platon və Aristoteli "bizim torpaqların adamı deyil" deyib kənara atmamış, əksinə, onların əsərlərini tərcümə edib öz fəlsəfələrinin təməlinə qoymuşlar.
B. Çağdaş mədəni səviyyə
Aydınlanmanın son hədəfi, çağdaş mədəni səviyyəyə çatmaqdır. Bu yolda elm ən gərçək kompasdır. Bu, camaat liderlərinə qarşı irəli sürülən bir tezisdir.
Fəlsəfə və elm, din ( və ideologiya — bu ikisini bərabərmənalı istifadə edirəm) üzərindən inkişaf etdirilən xurafatları, səfsətələri və fanatik anlayışları qırmağın ən önəmli yollarından biridir.
Fəlsəfə və elm dinçiliyin, batil və doqmatik inancın antidotudur.
Bu mübarizəni anlamaq üçün aydınlanmanın tarixi əsaslarını, ağlın cəsarətlə istifadəsi prinsipi üzərində qurulan bu qlobql fəaliyyəti dərinliklə mənimsəməliyik. Öz torpaqlarımızda mövcud olanla yetinmək, statiko bir anlayışdır və irəliləyişə mane olur. Rasionallığı təməl alan hərəkət, xalqların gələcəyini müəyyənləşdirən əsas yoldur.
메타데이터
- post_id
- bb8a0c789acc
- slug
- giriş-antitez-ehtiyacı-və-aydınlanma-uğrunda-mübarizə-bb8a0c789acc
- url
- https://medium.com/@sakhavatveyisov/giri%C5%9F-antitez-ehtiyac%C4%B1-v%C9%99-ayd%C4%B1nlanma-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99-bb8a0c789acc
- canonical_url
- https://medium.com/@sakhavatveyisov/giri%C5%9F-antitez-ehtiyac%C4%B1-v%C9%99-ayd%C4%B1nlanma-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99-bb8a0c789acc
- author_url
- https://medium.com/@sakhavatveyisov
- status
- ok
- fetched_at
- 2026-06-26 03:39:16