İntiqam soyuq yeyilən yeməkdir.
23 may 2007-ci il… Afina Olimpiya stadionu… Çempionlar Liqasının finalı… 14 raunddan sonra finala daha öncə də qarşılaşmış Milan və…
İntiqam soyuq yeyilən yeməkdir.
23 may 2007-ci il… Afina Olimpiya stadionu… Çempionlar Liqasının finalı… 14 raunddan sonra finala daha öncə də qarşılaşmış Milan və Liverpul çıxmışdır. Hər iki komanda finala kimi çətin və uzun yoldan keçmişdi. Milanın 2006–07-ci il mövsümündə Çempionlar Liqasında iştirakı belə sual altında idi. A Seriyasındakı korrupsiya qalmaqalında Milanın da adı hallanırdı. Qırmızı-qaralılar mövsümü ikinci sırada bitirməsinə baxmayaraq məhkəmə qərarına görə üçüncü sıraya düşmüş, Çempionlar Liqasına qatılmaq üçün təsnifat mərhələsində Srvena Zvezda ilə qarşılaşmışdı. Rossonerilər toplam nəticəyə əsasən (3–1) qalib gələrək finala gedən yolda ilk addımı atdı.
Liverpul da 2005–06-cı il mövsümündə Premyer Liqanı üçüncü sırada tamamlamış, üçüncü təsnifat mərhələsində Makkabi Hayfanın rəqibi olmuşdu. Qırmızılar toplamda (3–2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazandı.
H qrupunda mübarizə aparan Milanın rəqibləri Yunanıstan təmsilçisi AEK, Fransa təmsilçisi Lill və Belçika təmsilçisi Anderlext futbol klubu idi. Qrupu lider tamamlayan Karlo Ançelottinin tələbələri 1/8 final mərhələsində Şotlandiya çempionu Seltikin rəqibi oldu.
Liverpul isə C qrupunda Fransanın Bordo, Hollandiyanın PSV Eyndhoven və Türkiyənin Qalatasaray futbol klubları ilə mübarizə apardı. Qrupu lider tamamlayan Rafael Benitezin tələbələri 1/8 final mərhələsində kubokun son qalibi Barselonanın rəqibi oldu.
San-Siroda keçirilən ilk oyunda və Seltik Parkda keçirilən cavab qarşılaşmasında da Seltik qapıçısı Artur Boruç əla oyun ilə yadda qaldı və oyun əlavə vaxta getməli oldu. Əlavə edilmiş vaxtın 3-cü dəqiqəsində əla mövsüm keçirən Kaka komandasını növbəti mərhələyə keçirən qola imza atdı. Növbəti mərhələdə rəqib Real Madridə 2 oyunun hesabına görə qalib gəlmiş, Almaniya çempionu Bayern Münhen idi.
Nou-Kampda keçirilən ilk oyunda sürprizə imza atan mersisaydlılar (1–2) hesabı ilə qalib gəlmiş və ingilis komandalarının Nou Kampda hələlik son qələbəsinə imza atmışdır. Enfilddə keçirilən cavab qarşılaşması (0–1) hesabı ilə Barselonanın xeyrinə yekunlaşsa da növbəti mərhələyə ingilislər vəsiqə qazandı. Rəqib isə qrup mərhələsindən tanış olan PSV Eyndhoven idi.
Milan Bavariya ilə San-Sirodakı oyunda heç-heçə (2–2), Alyanz Arenada isə (0–2) hesabı ilə qalib gələrək kuboka bir addım da yaxınlaşdı. Növbəti mərhələdə Rəqib isə Mançester Yunayted olacaqdı.
Liverpul isə PSV Eyndhoveni həm evdə (3–0), həm də səfərdə (0–1) məğlub edərək yarımfinala vəsiqə qazanmış üçüncü ingilis komandası oldu. Yarımfinalda Liverpulu “zadəganlar” ilə erkən final gözləyirdi.
Old Traffordda keçirilən ilk oyunda məğlub olan (3–2) Milan, San-Sirodakı revanşda (3–0) hesabı ilə qalib gələrək 2 il sonra yenidən finala vəsiqə qazandı.
Liverpul və Çelsi arasında oynanan hər iki matç (1–0) hesabı ilə başa çatdı. Əlavə olunmuş 30 dəqiqədə də finalçı müəyyənləşmədi. Finala kimin çıxacağını penalti vuruşları müəyyən etdi və (4–1) qalib gələn Benitezin tələbələri bir daha finalda idilər və rəqib yenə Milan idi.
Milan 11-ci, Liverpul 7-ci dəfə Çempionlar Liqasının finalına çıxırdı. Milan bu finallardan altısında, Liverpul beşində qalib gəlmişdi.
Finalda Milan özünün uğurlu ağ formasını geyinmişdi. Qalib gəldiyi finalların beşində bu forma ilə çıxış etmişdilər. Liverpul isə özünün ənənəvi qırmızı formasında idi və qazandıqları bütün 5 kubokun hamısında bu formanı geyinmişdi.
Milan 1994-cu il mövsümündə də Afinada final oynamış və Barselonanı (4–0) hesabı ilə məğlub etmişdi.
Oyundan öncə K. Ançelotti Milan cəbhəsində heç kimin “rivincita”, yəni qisas haqqında düşünmədiyini, keçmişi unutduqlarını söyləmişdi. Kaka isə hələ də Maldini, Nesta, Stam, Kafu kimi müdafiə xəttinin 6 dəqiqəyə 3 top buraxmasına inana bilmədiyini deyirdi.
Milan: Dida- Oddo, Nesta, Maldini (c), Yankulovski- Sedorf, Ambrosini, Pirlo, Qattuzo- Kaka, İnzagi
Liverpul: Reina- Finnan, Karrager, Agger, Riise- Maskerano, Alonso, Zenden, Pennant- Cerrard (c), Kuyt
İlk dəqiqələrdən oyuna üstün başlayan, daha istəkli olan İngiltərə təmsilçisi idi. Pennant, Cerrard və Kuyt hesabı açmaq üçün ələ düşən fürsətdən yararlana bilmədi. Birinci hissə 0–0 bitəcək deyərkən cərimə meydançası ətrafında Alonso Kakaya qarşı qaydanı pozur. Topun arxasına keçən Pirlonun zərbəsi zamanı İnzagiyə dəyən top istiqamətini dəyişir və qapıya daxil olur. 1–0!
Olimpiya stadionunda və ya televiziya qarşısında olan Liverpul azarkeşləri 2 il öncə olduğu kimi yenə bir möcüzə olmasını, sevimli komandalarının ikinci hissədə come-back etməsini gözləyirdilər. Amma yaddan çıxardıqları bir şey vardı, möcüzələrin gözlənilən anda gerçəkləşməmək kimi mənfi cəhəti var.
İkinci hissədə hesabı bərabərləşdirmək üçün irəli atılan mersisaydlılar buna nail ola bilməyincə Kakanın ara ötürməsindən sonra İnzagi Reina ilə qarşı-qarşıya qaldı. 2–0!
Bundan sonra irəli atılan qırmızılar 89-cu dəqiqədə Kuyt ilə fərqi azaltdı və komandasını ümidləndirdi. Hakimin oyuna 2 dəqiqə əlavə etməsi Rafa Benitezi özündən çıxardı.

Benitez hakimin əlavə etdiyi vaxta etiraz edir.
Əlavə olunmuş vaxtda hesabı bərabərləşdirmək üçün bir neçə şansı olsa da Liverpul ikinci qolu vura bilmədi. Bu dəfə sevinən tərəf “ağ formalılar” oldu. Final fitindən sonra isə mövsümün ən yaxşı oyunçusu, Çempionlar Liqasında 10 qol ilə bombardir olan Kakanın sevinci uzun illər yaddaşlardan silinməyəcək.

Kakanın sevinci
메타데이터
- post_id
- be941a68fa6
- slug
- i̇ntiqam-soyuq-yeyilən-yeməkdir-be941a68fa6
- url
- https://medium.com/@Fomino/i%CC%87ntiqam-soyuq-yeyil%C9%99n-yem%C9%99kdir-be941a68fa6
- canonical_url
- https://medium.com/@Fomino/i%CC%87ntiqam-soyuq-yeyil%C9%99n-yem%C9%99kdir-be941a68fa6
- author_url
- https://medium.com/@Fomino
- status
- ok
- fetched_at
- 2026-07-30 04:03:57