Covanni Papini — “Şan və şöhrət”
Bir neçə gündür şöhrət barədə düşünürəm. Qəfil məşhur olmaq istərdim. Hətta minlərlə il ərzində adımın insanların xatirələrində yaşamasını…
Covanni Papini — “Şan və şöhrət”
Bir neçə gündür şöhrət barədə düşünürəm. Qəfil məşhur olmaq istərdim. Hətta minlərlə il ərzində adımın insanların xatirələrində yaşamasını daha çox istərdim.
Tarixdə yaşaya bilmək üçün nümayişkaranəlik və təntənə içindəmi doğulmaq lazımdır? Zənn etmirəm. Digər tərəfdən, böyük və bərabəri olmayan, unudulmayan bir şey etmək gərəkdir.
Bu artıq iddialı və müşkül məsələdir. Bu vaxta qədər hər şey edildi. Qütblərə gedildi, Atlantik okeanı üzərindən təyyarə ilə keçildi. Birisi dünyanı qayıqla dövr etdi, digəri isə eyni şeyi şaqraq addımlarla reallaşdırdı. Müxtəlif vasitələrə və dayanıqlığa sahib orta təbəqənin bacara biləcəkləri hər şey edilib. Bilinən şeylər təkrarlana bilməz! Şeir yazmaq? Mənim işim deyil. Bir məmləkəti idarə etmək? Bunu bacaracağımı düşünmürəm, həm də mənə yetərli deyil. Bir millət yaratmaq? Məgər kölə millətlər və qarışmamış irqlər qaldımı? Bəlkə Afrikada, qaradərililər arasında var, amma bu məni o qədər də maraqlandırmır. Hansısa inqilaba rəhbərlik etmək? Fəqət harada? Və nə üçün? Belə macəralara baş vurmaq üçün mistik, optimist, şair olmalısan. Mən insanları sevmirəm, onları qəflətdən oyandıracaq sözlər tapa bilmərəm. Görkəmli komandir olmaq? Müharibə bitib, yenisi çıxana qədər ya qocalacağam, ya da öləcəyəm. Həm də bugünkü dağıdıcı müharibələrdə hər şey qeyri-müəyyən qalır, günün qəhrəmanı olmaq nə komandir, nə də kəşfiyyatçı kimi asan deyil.
Çox səy göstərmədən axmaq və ya zəkalı bir qəribəliklə müvəqqəti şöhrət qazanmaq mümkündür, amma mənim axtardığım bu deyil. Mən köhnə üsulda bir şan, hər zaman təqdir ediləcək, Davud, Sokrat, Nyuton, Napaleonunku kimi bir nüfuz istəyirəm.
Dövrümüzdəki bir çox axmaq kimi otuz gün fasiləsiz rəqs edə, üç həftə davamlı uça və ya yüz yaşlı bir çinli qadınla evlənə bilərəm. Bəs sonra? Qəzetlərdə bir neçə sətir, fotojurnallarda bir klişe, səkkiz gün sonra unudulmaq.
Böyük bir nəsə kəşf etmək üçün çox cahiləm. Nə rəssam, nə də bəstəkaram. Milyonlarımı ilk qarşıma çıxan kimsəyə hədiyyə etsəm əgər, məni müqəddəs qəbul etmək əvəzinə kəmağıl və ya dəli sanacaqlar, bəlkə də dəlixanaya yerləşdirəcəklər.

Covanni Papini
Təkcə cinayət qalır. Ancaq bu yolda məşhur olmaq da çətin və şübhəlidir. Nyu-York kafedralını yandırsam da Herostratın şöhrətini qazana bilmərəm. Bu adi bir kopya olacaq, üstəlik, azadlığımı da itirəcəm.
Qəddar və orijinal, bəşəriyyətin yaddaşında unikal bir şey kimi qoruyacağı qətlə ehtiyacım var. Belə bir şeydən çəkinmirəm, amma təxəyyülüm də yoxdur. Həm də əsrlərdir bir-birinə işgəncə edən, bir-birini öldürən insanlar arasında yeni bir cinayət forması tapmaq hər kəsin işi deyil. Yüksək intellekt, çoxlu pul və haqq, həqiqət, qanunsuzluq bunun üçün kifayət deyil. Qeybdən gələn sehirli intuisiya, ali iblisin xəyal gücü və qorxunc bir dahinin köməyi lazımdır.
Bunlar pulla alına və dərhal tapıla biləcək şeylər deyil. O ki qaldı nəticəsi sonsuz şöhrət əvəzinə elektrik stuluna oturmağın yaratdığı qısa reklamdan ibarət olsun.
Məlum yola, xeyirxahlıq yoluna üz tuta bilərəm. Əbədi və birinci sinif şöhrətə sahib müqəddəslər, insanlığa yaxşılıq etmiş kəslər var. Amma özümü nə cüzamlılar arasında, nə də vəhşiləri haqq yoluna çağıran kimi görə bilirəm. İnsanlara qarşı ancaq saxta, ikiüzlü bir duyğu bəsləyə bilərəm və bu səmərəsiz olardı. Meyillərim məni yaxşılıqdan çox, pisliyə sövq edir.
Fəqət heç bir halda qaranlıqda azmağa, sükuta dalmağa razı ola bilmirəm. Bir vaxtlar fəqir bir dahidən kəşf və ya şedevr əldə edib saxtakarlıqla şöhrət qazanmağı düşündüm. Ancaq məşhur bir dahi bu bazarlığı qəbul etməz; digər tərəfdən, tanınmamış insanlar arasında gələcəyin dahisini tanıyıb çıxara bilmək üçün insan bir növ özü də dahi olmalıdır. Üstəlik, bu insan sonradan doğrunu açıqlayıb maskamı üzümdən çəkmək istəməyəcəkmi? Bundan başqa, dahi birindən yeni-yeni, mütəmadi möcüzələr gözlənilir, halbuki mən təkbaşına bunu bacarmaram.
Min illərə və təbiətin fəlakətlərinə tab gətirən dayanıqlı və nəhəng ölçülərdə abidə düzəltdirmək? Abidənin və onu meydana gətirənlərin adları məşhur olacaq, ancaq sərmayə yatırıb onu düzəltdirənin adını yalnız mütəxəssislər biləcək.
Ömrümün yarısını sərvət arxasınca düşməklə keçirdim və ilk müdirim Co Miginsin mənə israrla “Bir qədər dollar qarşılığında hər şeyi əldə etmək mümkündür” deyə ifadəsinin yanlışlığını indi anlayıram. Bu qədər dollarlarımla əylənməyi və şöhrət əldə etməyi bacara bilmirəm.
Və ən sonda, ömrümün şərə istifadə edildiyinə qərar verəcəyimdən qorxuram.
메타데이터
- post_id
- c239f56d63b6
- slug
- covanni-papini-şan-və-şöhrət-c239f56d63b6
- url
- https://medium.com/@firi.hasanov/covanni-papini-%C5%9Fan-v%C9%99-%C5%9F%C3%B6hr%C9%99t-c239f56d63b6
- canonical_url
- https://medium.com/@firi.hasanov/covanni-papini-%C5%9Fan-v%C9%99-%C5%9F%C3%B6hr%C9%99t-c239f56d63b6
- author_url
- https://medium.com/@firi.hasanov
- status
- ok
- fetched_at
- 2026-07-25 21:49:35