← Back to list

Dünən təsadüfən bir mənzərə gördüm.

Sonuncu dəfə haçan nəfəs almısan?

Fi · 2025-05-25 15:40 · 1 claps · 1.0 min read
#hayat #həyat #ağaç #nefes
Open on Medium ↗

Dünən təsadüfən bir mənzərə gördüm. Evimizin üzbəüzündə qonşumuzun həyətindəki ağac ( sonradan öyrəndim ki, tut ağacı imiş) günəşin şüaları altında parlaq və zərif görünürdü. Xəfif külək əsirdi — bu mənim ən sevdiyim külək növüdür. Üşütməyən, bezdirməyən. Yavaş. Yüngül. Ağacın budaqları küləklə rəqs edirdi sanki. Bu ağac insan olsaydı, məncə, gözləri gülən, dərisi parlaq, uzun sarı saçları olan, hündürboy yeniyetmə qız olardı. Quşlar cəh-cəh vururdu. 4 kəpənək də bizim həyətlə qonşu həyəti arasında səyahətə çıxıb gah bizim, gah da onların ağaclarında uçuşurdu.

Çox sevdiyim M xanımla danışanda demişdi ki, həyat rəngbərəngdir. Burada müxtəlif rənglər var. Hər birini görə bilmək lazımdır. Bu mənzərəni izləyəndə onun dedikləri yadıma düşdü. Həyat biz içimizdə nə yaşasaq da, həyatımız haqqında nə düşünsək də, davam edir. Quşlar və kəpənəklər uçur, külək əsir, günəş batır.

Bəs onda niyə görə bilmirik hər gün ətrafımızda olan bu gözəllikləri? İnsan həqiqətən nankordur Allahın yaratdığı gözəllikləri görə bilməyəcək qədər, yoxsa başımız o qədər özümüzə qarışır, dərdimizi o qədər böyük görürük ki üz çevirməli oluruq bu gözəlliklərdən?

Dünən bir şeyi yenidən başa düşdüm. İnsan emosiyası, düşüncəsi, problemi nə olursa-olsun, anda olanda həyatla ahəngdə olur. Həyatla ahəngdə olanda isə nəfəs almağa başlayır, indi boğulurmuş kimi hiss etdirən hər şeyin də keçici olduğunu dərk edir. Əvvəlkilər kimi.

Sən sonuncu dəfə haçan nəfəs almısan?


메타데이터
post_id
dd9ac16a2eb0
slug
dünən-təsadüfən-bir-mənzərə-gördüm-dd9ac16a2eb0
url
https://medium.com/@info.fidanmehdiyeva/d%C3%BCn%C9%99n-t%C9%99sad%C3%BCf%C9%99n-bir-m%C9%99nz%C9%99r%C9%99-g%C3%B6rd%C3%BCm-dd9ac16a2eb0
canonical_url
https://medium.com/@info.fidanmehdiyeva/d%C3%BCn%C9%99n-t%C9%99sad%C3%BCf%C9%99n-bir-m%C9%99nz%C9%99r%C9%99-g%C3%B6rd%C3%BCm-dd9ac16a2eb0
author_url
https://medium.com/@info.fidanmehdiyeva
status
ok
fetched_at
2026-07-19 18:13:15