← Back to list

Bəzən insan heç bir səbəb olmadan belə yorula bilər…

Bir anlıq durub “Mən yoruldum” deyirik, amma nədən yorulduğumuzu çox zaman özümüz də bilmirik. Çünki əslində yorğunluğun nə olduğunu tam…

Asmar Asadzade · 2026-05-24 12:41 · 15 claps · 3.0 min read
#psixologiya #overthinking #yorgunluk #şəxsi-inkişaf #empatia
Open on Medium ↗
Wiki topics: 🥊 · Combat Sports

Bəzən insan heç bir səbəb olmadan belə yorula bilər…

Bir anlıq durub “Mən yoruldum” deyirik, amma nədən yorulduğumuzu çox zaman özümüz də bilmirik. Çünki əslində yorğunluğun nə olduğunu tam olaraq dərk etmirik. Yorğunluğu sadəcə fiziki halsızlıq, ağır iş görmək kimi qəbul edirik. Halbuki insan bəzən heç bir iş görmədən də yorula bilir.

Gəlin, ilk öncə yorğunluğun əslində nə olduğuna baxaq.

🔍 Yorğunluq nədir?

Bunu həm elmi, həm də mənəvi cəhətdən izah etmək mümkündür. Elmi cəhətdən açıqlasaq, buna qısaca zehnimizin və bədənimizin bizə ötürdüyü çoxşaxəli bir siqnal deyə bilərik. Bunu fiziki, bioloji, emosional, psixoloji və sosial aspektlərə bölmək olar:

  • Fiziki yorğunluq — bədənin enerjisinin azalmasıdır.
  • Psixoloji yorğunluq — düşüncələrin ağırlığıdır.
  • Emosional yorğunluq — hisslərin tükənməsidir.
  • Sosial yorğunluq — insanlardan, münasibətlərdən və davamlı ünsiyyətdən sıxılmaqdır.

Mənim düşüncəmdə isə yorğunluq sadəcə bir tükənmək deyil, əksinə, bir qazancdır. Sərf etdiyimiz hər bir enerjinin qarşılığında aldığımız nailiyyətlərimizdən biri də yorulmaqdır. Yorulduq, çünki nəyisə qazandıq. Müəyyən mənada yaşadığımızın ən böyük sübutudur yorulmaq.

Bəs heç bir səbəb olmadan yorulmaq nə deməkdir?

Həqiqətənmi ortada heç bir səbəb yoxdur? Yoxsa bu səbəblər gözəgörünməzdir deyə biz mi onların olmadığını düşünürük?

Əslində, çox zaman səbəbsiz olduğunu düşündüyümüz yorğunluq daxili dünyamızda baş verən gizli marafonların nəticəsidir. Gözlə görünməyən, amma ruhumuzu addım-addım tükədən bir neçə “görünməz səbəbə” gəlin birlikdə baxaq:

🧠 1. Overthinking

Müasir dövrün ən aktual rəqəmsal xəstəliyi… Bədənimiz yataqda uzana bilər, amma beynimiz gələcək qayğılar, keçmiş peşmançılıqlar və ya “Bu gün bunu deməsəydim, görəsən, nə olardı?”, “Mənim haqqımda nə fikirləşirlər?”, “Universiteti bitirdikdən sonra nə edəcəm?” sualları arasında durmadan qaçır. Heç bir fiziki iş görmürük, amma günün sonunda beynimiz sanki saatlarla ağır yük daşımış kimi siqnal verir. Zehni fəaliyyət də böyük enerji tələb edir və bəzən ən ağır yorğunluq məhz düşüncələrin ağırlığıdır.

⚖️ 2. Qərar vermək yorğunluğu

Gün ərzində fərqinə varmadan yüzlərlə kiçik qərar veririk: “Bu gün nə geyinim?”, “Hansı tapşırığı birinci edim?”, “Bu mesaja necə cavab yazım?”. Bu kiçik qərarlar yığılıb elə bir nöqtəyə çatır ki, iradəmiz tükənir. İradə tükənəndə isə bədən “mən yoruldum” rejimini avtomatik işə salır.

📱 3. Rəqəmsal dünya və informasiya bombardmanı

Telefon ekranını saatlarla aşağı sürüşdürərkən “istirahət etdiyimizi” zənn edirik. Halbuki hər saniyə beynimiz yüzlərlə fərqli insanın həyatını, rənglərini, xəbərlərini və emosiyalarını emal etməyə çalışır. Beyin baxılan hər emosiyaya uyğunlaşmağa çalışarkən üzərinə dərhal yenisi gəlir. Bu rəqəmsal fon küyü bizə sakit dayanmaq şansı vermir. Zahirən heç bir iş görmürük, amma daxilən davamlı olaraq informasiya bombardmanına məruz qalırıq.

🫂 4. İfrat duyğuların çəkisi

Hisslərin də özünəməxsus bir çəkisi var və bəzən ən ağır yükü elə qəlbimiz daşıyır. Birini çox sevmək, onun üçün davamlı olaraq narahat olmaq, az qala onun xoşbəxtliyini öz öhdəliyimiz kimi görmək insanın daxili hüzurunu tamamilə qaçıra bilir. Buna bir də ətrafdakıların dərdini-sərini öz içinə çəkmək, yəni o ifrat empatiya duyğusu əlavə olunanda insan sadəcə tükənir.

Başqasının acısına ürəkdən yanmaq, dostunun problemi üçün özünü oda-közə vurmaq, hətta dünyadakı haqsızlıqlara qarşı belə həddindən artıq duyarlı olmaq insanı içdən-içə yeyir. Psixologiyada və sosial iş sahəsində buna boşuna “şəfqət yorğunluğu” (compassion fatigue) demirlər. Sən bəlkə də sakitcə otağında oturub sadəcə qəhvəni içirsən, kənardan hər şey çox rahat görünür. Amma daxilində kimisə sevmək, kiminsə ağrısını özününkü eləmək üçün elə bir enerji xərclənir ki, günün sonunda sanki tonlarla daş daşımış kimi yorğun olursan.

🌱 Yorulduq, çünki yaşayırıq!

Yazının başında dediyim o fikrə qayıtmaq istəyirəm: yorğunluq bir məğlubiyyət və ya zəiflik deyil. Əgər bu gün daxilinizdə o “səbəbsiz” yorğunluğu hiss edirsinizsə, deməli, ruhunuz və bədəniniz arxa fonda görünməyən böyük bir yükü çiyinlərinizdən götürüb. Bu yorğunluq əslində hələ də hiss edə bildiyinizin, hər şeyə qarşı duyarsızlaşmadığınızın və ən əsası, yaşadığınızın sübutudur.

Bədənimiz bəzən bizi məhz buna görə dayandırır — ruhumuz qaçmaqdan yorulub arxada qalmasın, gəlib bədənimizə yetişə bilsin deyə. Səbəbsiz sandığımız o yorğunluqlar, əslində ruhumuzun daxildən gələn səssiz bir pıçıltısıdır:

“Mənə bir az zaman ver, özümü bərpa edim.”

Ona görə də, bəzən heç bir iş görmədən yorulanda özümüzü günahlandırmağı dayandırmalıyıq. “Niyə beləyəm?” sualı ilə onsuz da yorğun olan zehnimizi daha da yoruruq. Dayanmaq geri qalmaq deyil, sadəcə daha güclü irəliləmək üçün enerji toplamaqdır. Həyatın bu görünməz marafonunda özünüzə şəfqət göstərin və ruhunuzun o səssiz pıçıltısına qulaq asın. Çünki yenidən başlamaq üçün əvvəlcə dincəlmək, dincəlmək üçün isə bəzən sadəcə səbəbsizcə yorulmaq lazımdır.


메타데이터
post_id
f5746bc00239
slug
bəzən-insan-heç-bir-səbəb-olmadan-belə-yorula-bilər-f5746bc00239
url
https://medium.com/@asmarasadzade/b%C9%99z%C9%99n-insan-he%C3%A7-bir-s%C9%99b%C9%99b-olmadan-bel%C9%99-yorula-bil%C9%99r-f5746bc00239
canonical_url
https://medium.com/@asmarasadzade/b%C9%99z%C9%99n-insan-he%C3%A7-bir-s%C9%99b%C9%99b-olmadan-bel%C9%99-yorula-bil%C9%99r-f5746bc00239
author_url
https://medium.com/@asmarasadzade
status
ok
fetched_at
2026-06-09 15:37:30